İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək. Qeyd olunur ki, bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyənləşdirilməsi təklif edilir. Bu sistemdə tətbiq olunacaq fəaliyyət sahələrini Nazirlər Kabineti müəyyənləşdirəcək. İlkin mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur. Mediaxeberleri.Az-ın məlumatına görə məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib ki, burada ciddi dəyişiklik olmayacaq. O qeyd edib ki, aqrar sektorda çalışanların əksəriyyəti onsuz da əmək müqaviləsi olmadan işləyir: "İlk növbədə, onları formal əmək bazarına cəlb etmək lazımdır. Yalnız bundan sonra onların hansı tariflə, saatlıq, yoxsa tam iş günü rejimində çalışması, eləcə də saatlıq və gündəlik ödəniş sisteminin tətbiqi məsələlərinə baxmaq olar. Əmək bazarında aylıq və saatlıq minimum əməkhaqqının paralel tətbiqindən ciddi dəyişiklik gözləmirəm. Hər halda, bu, işçiyə bir, iki və ya üç saat işləyib işlədiyi saata uyğun minimum ödəniş almaq imkanı yaradacaq. Söhbət minimum əməkhaqqından gedir. Məsələn, kommersiya qurumları bir və ya iki saat işləyən işçiyə minimum saatlıq əməkhaqqından iki, üç, dörd, hətta beş dəfə çox ödəniş edə bilərlər. Yəni, bu sistem ödənişin aşağı həddini müəyyənləşdirəcək. Tutaq ki, bir saat üçün ödəniş üç manatdan aşağı ola bilməz. İşçi iki saat işləyibsə, ona ən azı altı manat ödənilməlidir".





















