Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
"Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir". Mediaxeberleri.Az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bu proqramda əlillik ləğv edilməzdən öncə cəlbedilmə əksini tapsa, çox faydalı olar: "Bizə edilən müraciətlərin sırasında əlilliyin ləğvi və məşğulluq məsələləri də olur. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mütəmadi olaraq şifahi və yazılı müraciətlər ünvanlayırıq. Fürsətdən istifadə edib nazir, nazir müavinləri və nazirliyin əməkdaşlarına təşəkkürüm bildirirəm ki, müraciətlərimizin həllinə hər zaman diqqət göstərirlər. Əlilliyi ləğv edilmiş insanlarla görüşlərimiz zamanı bir neçə məqam diqqətimi çəkir: - Təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini rahat hiss edərlər; - Xəstəxanada müalicə müddətinin qısa olması səbəbindən təkrar müayinə lazım gəlir: bəzən bir neçə dəfə təkrar müalicə və müayinə tələb olunur, bütün bu proseslərdə tibbi sənədlərin vahid elektron sistemdə toplanması işi asanlaşdıra bilər; - Əlillik ləğv edildikdən sonra insanlar işə düzəlməkdə çətinlik çəkirlər". Deputat əlavə edib ki, əlilliyi ləğv edilən vətəndaş bir gün əvvəl dövlətin dəstəyi ilə yaşayırdı, bir gün sonra isə işsiz qala bilər: "İşəgötürənlər çox vaxt "ixtisasınız uyğun deyil", "sağlamlığınız buna imkan vermir" deyirlər. Bu vəziyyətdə özünüməşğulluq proqramı ən yaxşı çıxış yoludur. Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir. Sadəcə bu proqram çərçivəsində əlilliyin ləğv edilməməsindən öncə cəlbedilmə baş tutsa çox faydalı olar. Bu proqram insana öz işini qurmaq imkanı verir. O, sağlamlığına və bacarığına uyğun fəaliyyət seçir. Həm özünü təmin edir, həm də cəmiyyətə fayda verir. Dövlət üçün isə bu, uzunmüddətli qənaətdir. Çünki işləyən insan vergi ödəyir, sosial sığorta haqqı verir və özünəinamını qaytarır. Bu səbəbdən də özünüməşğulluq proqramına ayrılan vəsaitin artırılmasının vacib olduğunu düşünürəm. Büdcədə bu istiqamətdə imkanlar var. DOST Agentliyinin fəaliyyətinə 50 milyon manat, sanatoriya-kurort müalicəsinə 25 milyon manat nəzərdə tutulub. Fondun aparatının saxlanmasına isə 189.66 milyon manat ayrılır. Bu vəsaitlərin səmərəli bölgüsü ilə proqram üçün əlavə mənbə tapmaq mümkündür".






















