Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi VAZ-2104 markalı avtomobillər toqquşub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin VAZ-2104-ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır. *** Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Report-un məlumatına görə, qəza nəticəsində "Opel" markalı minik avtomobilinin sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, maşındakı sərnişinlər - Əhəd Nəsimi oğlu Heydərzadə və Turan Elcan oğlu Əsgərov hadisə yerində ölüblər. Hadisə zamanı avtomobildə olan digər sərnişinlər - Rəvan Elnur oğlu Abbaszadə və Ramazan Elnur oğlu Cəfərov, həmçinin VAZ-2104 markalı avtomobilin sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarətlər alıblar. Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma davam etdirilir.





















