"Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə kino" layihəsi çərçivəsində görkəmli şairə və ictimai xadim, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, filmin ideya müəllifi tanınmış rəssam-modelyer, dizayner, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Pravda.az-a açıqlamasında deyib ki, filmin nümayişi məxsusi olaraq 8 Noyabr -Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsinə salınıb. "Çox sevincliyəm ki, filmin təqdimatına xeyli tamaşaçı toplaşıb. Filmdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, Qarabağın tarixi-mədəni irsi, eləcə də bölgənin özünəməxsus ənənəvi geyim mədəniyyəti əksini tapıb. Xurşidbanu Natavan Qarabağın son şahzadəsidir. Onun ruhu şaddır ki, bu gün torpağı azaddır. Filmdə Xan qızının zəngin irsi ilə yanaşı, Qarabağın tarixi abidələrinin taleyinə də xüsusi diqqət yetirilib. Ekran əsərində Şuşanın obrazı xüsusi yer tutur. Filmin süjetinə görə, Xan qızının ruhu sanki azad edilmiş Şuşadakı evinə qayıdır. Yaradıcı heyət filmdə Xurşidbanu Natavan obrazını canladırmağımı təklif edəndə çox həyəcanlandım. Bu həm qürur, həm də həyəcan hissi verir. Filmi ərsəyə gətirmək o qədər də asan olmadı, çəkilişlər soyuq aylara təsadüf etdi. Ağdam, Şuşa və Şahbulaq qalasında çəkilişlər aparılıb". Fəxriyyə Xələfova nümayişdən əvvəl Xurşidbanu Natəvanın Azərbaycan Milli İncəsənət Muzeyində asılan portretinin önünə gül dəstələri qoyub. Sonra filmin nümayişi keçirilib. Filmdə Xurşidbanu Natəvan nəslinin davamçıları ailə arxivlərində qorunan məlumatları, xatirələri və nəsildən-nəslə ötürülən hekayələri bölüşüblər. Ssenari müəllifi alim-folklorşünas, şairə və dramaturq Fəridə Hicran Vəliyeva olan filmdə Xan qızı Natəvan obrazını Fəxriyyə Xələfova özü canlandırıb. Qeyd edək ki, Fəxriyyə Xələfova da Qarabağın tanınmış bəy nəsillərindən biri olan, vaxtilə Şuşada yaşamış Xələfbəyovlar nəslindəndir.





















