"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
Son vaxtlar xaricdə təhsil və iş təklifi ilə insanların aldadılması iddiaları ilə gündəmə gələn Nigar Fərhadın rəhbəri olduğu təhsil şirkətindən qaynar xəttimizə növbəti şikayət daxil olub. Bu dəfə ABŞ-də təhsilini davam etdirmək istəyən gənclərə verilən vədlər yerinə yetirilməyib. Paytaxt sakini Mehriban Həsənqızı qardaşı oğlanlarının magistr təhsili üçün Nigar Fərhadın rəhbəri olduğu "Aid Group" təhsil şirkətinə 2024-cü ildə 3400 manat pul ödədiyini, lakin şirkət tərəfindən iki il ərzində təhsillə bağlı verilən vədin yerinə yetirilmədini bildirir. Mehriban Həsənqızı deyir ki, neçə vaxt gedib-gəldikdən sonra məbləğin bir hissəsi geri qaytarılıb, lakin qalan puldan heç bir xəbər yoxdur. "Aid Group" şirkətinin mövqeyini öyrənmək məqsədilə ofislə əlaqə saxlamağa çalışdıq, lakin şirkətin ofisi bağlıdır, sosial şəbəkə hesablarında göstərilən əlaqə nömrələrinə isə zəng çatmır. Həmçinin şikayətçiyə Nigar Fərhadın köməkçisi, həm də şirkətin mühasibi kimi təqdim edilən Ayşə adlı qadının da telefonu bağlanıb, əlaqə yaratmaq mümkün deyil. Zərərçəkən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müracət edəcəyini bildirir. Mediaxeberleri.Az xəbər verir ki, bundan əvvəl də bir qrup paytaxt sakini ''Xəzər Xəbər''ə eyni mövzu ilə bağlı müraciət etmişdilər. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 





















