Əks zolağa çıxan avtobus qəza vəziyyəti yaratdı
Bakıda sərnişin avtobusunun sürücüsü təhlükəli ötmə əməliyyatı etməklə digər hərəkət iştirakçılarının həyatını riskə atıb. Mediaxeberleri.Az xəbər verir ki, Oxu.az-a müraciət edən sürücü hadisənin Zığ şosesində qeydə alındığını bildirib. Qeyd olunub ki, 103 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü qarşısında olan avtobusu ötmək üçün əks hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən avtomobillərin gəlməsinə baxmayaraq təhlükəli manevrini davam etdirib. "Maşında ailəmlə birlikdə idim. Qəzadan son anda yayına bildim. Bu cür məsuliyyətsiz sürücülərə qarşı tədbir görülməlidir", - deyə şikayətçi vurğulayıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılır, sürücü müəyyən edilərək barəsində qanuna müvafiq tədbir görüləcək.





















