Türkiyə millisi Dünya Çempionatında niyə biabır oldu? - "Səhvləri ört-basdır etməyə çalışır..."
Türkiyə millisinin Dünya Çempionatındakı uğursuz çıxışının məsuliyyəti təkcə baş məşqçi Vinçenzo Montellanın üzərində deyil. Mediaxeberleri.Az xəbər verir ki, bunu analitik çıxışları ilə tanınan idman mütəxəssisi Cavid Zaidov deyib. Onun sözlərinə görə, Montella komandanın ilk iki oyunda 62 zərbə vurduğunu və sadəcə bəxtsizlik yaşadığını desə də, statistika vəziyyəti tam əks etdirmir: “Bu zərbələrin təxminən 16-sı cərimə meydançasından kənardan vurulub, 22-si isə müdafiəçilər tərəfindən bloklanıb. Futbol statistikasında qapıya tərəf yönələn və qısa məsafədən bloklanan zərbələr də ümumi göstəriciyə daxil edilir. Buna görə də 62 zərbə rəqəmi hücumların keyfiyyətini tam əks etdirmir. Montella bu arqumentlə həm turnirə, həm də oyunlara hazırlıq zamanı buraxdığı səhvləri ört-basdır etməyə çalışır”. Cavid Zaidov hesab edir ki, problemin kökü təkcə məşqçi qərarlarında deyil, Türkiyə Futbol Federasiyasının hazırlıq prosesində də axtarılmalıdır. “Türk jurnalistləri Montelladan soruşurdular ki, yeni qitədə keçirilən turnirə uyğunlaşma üçün komandanın psixoloqu kimdir? Bu suala aydın cavab verilmədi. Buraxılan qollardan sonra futbolçuların reaksiyası da psixoloji hazırlıqla bağlı müəyyən suallar yaradırdı”, - deyə ekspert bildirib. O, qapıçı Uğurcan Çakırın açıqlamasını da xatırladıb:“Uğurcan Çakır etiraf etmişdi ki, yuxu rejimini Paraqvayla oyundan cəmi iki gün əvvəl qaydasına sala bilib. Bu fakt komandanın ümumi hazırlıq səviyyəsi barədə müəyyən təsəvvür yaradır”. Mütəxəssisin fikrincə, futbolçuların turnirdən əvvəlki davranışları da peşəkar yanaşma baxımından suallar doğururdu: “Milli komandanın bəzi üzvləri turnirdən əvvəlki dövrdə sosial şəbəkələrdə daha çox əyləncə məzmunu ilə gündəmə gəlirdilər. Belə yanaşmanın nəticələrinin meydanda özünü göstərməsi təəccüblü deyil”. Zaidov həmçinin komandanın Bodrumda yerləşdirilməsi ilə bağlı müzakirələri də xatırladaraq bildirib ki, bütün bu amillər birlikdə Türkiyə millisinin uğursuz nəticəsinə təsir göstərib. "AzPolitika.info"





















