Rəqs depressiyanı azaldır
Son araşdırmalar rəqsin psixoloji sağlamlığa müsbət təsirini bir daha təsdiqləyir. 2024-cü ildə nüfuzlu “British Medical Journal”da dərc olunan geniş meta-analiz göstərib ki, fiziki aktivlik, xüsusilə rəqs, depressiya simptomlarının azalmasına kömək edir.
Mütəxəssislər bildirib ki, rəqsin təsiri onun çoxşaxəli olmasından qaynaqlanır. Bu fəaliyyət həm fiziki hərəkəti, həm diqqəti, koordinasiyanı, ritmi və emosiyaları birləşdirir. Eyni zamanda sosial ünsiyyət imkanı yaradır ki, bu da insanın özünü təcrid olunmuş hiss etməsinin qarşısını alır.
Bununla belə, həkimlər vurğulayıb ki, rəqs dərman müalicəsinin alternativi kimi qəbul edilməməlidir. Araşdırmalar fiziki aktivliyin ümumilikdə faydalı olduğunu göstərsə də, hər bir pasiyent üçün yanaşma fərdi olmalıdır. Antidepressantlar, psixoterapiya və fiziki aktivlik bir-birini tamamlayan vasitələrdir.





















