Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu azadlığa buraxıldı
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib. Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə üzrə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işi isə tərəflər arasında barışıq olduğu üçün xitam edilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb. Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib. Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.





















