Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəsib Səfərovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs iki ayrı epizod üzrə ümumilikdə 72 400 manatlıq əmlak və pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham olunur. Belə ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Nəsib Səfərovun barəsində başlanmış cinayət işinin hansı məhkəmədə araşdırılmalı olması ilə bağlı məsələ həll edilib. İş materialları ilə tanışlıq zamanı cinayət işinin ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğu müəyyən edilib. İbtidai istintaq orqanının irəli sürdüyü ittihama əsasən, təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq edib. İttihamın birinci epizodu ekskavatorla bağlıdır. Məlumata görə, Nəsib Səfərov D.D.-dən (adı, soyadı şərtidir) “CAT 325D” markalı tırtıllı ekskavatoru icarəyə götürərək hər ay ödəniş edəcəyinə dair yalan vəd verib. O, bu vədlə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus ekskavatoru aldadaraq əldə edib. Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında faktiki olaraq zərərçəkmiş şəxsə məxsus olan ekskavatoru Gəncə şəhəri ərazisində əldə edərək ələ keçirib. Daha sonra həmin ekskavatoru 2024-cü ilin sentyabr ayında tanışına 18 100 manata satıb. Nəticədə Nəsib Səfərov S.S.-ə ümumilikdə 60 400 manat məbləğində külli miqdarda maddi ziyan vurub. Təqsirləndirilən şəxs daha bir şəxsin əmlakını da dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. O, zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) Şəmkir rayonunda olan “ZL-05G” markalı traktoru 34 000 manata alacağına inandırıb. Nəsib Səfərov bu vədlə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edib və nəticədə pul vəsaitini ələ keçirib. Beləliklə, üç ödəniş üzrə ümumilikdə 12 000 manat pul vəsaiti Nəsib Səfərovun nəzarətində olan bank hesabına köçürülüb. Təqsirləndirilən şəxs pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib və zərərçəkmiş şəxsə 12 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub. Cinayət işi üzrə əsas hüquqi məsələ isə onun hansı məhkəmədə araşdırılmalı olması ilə bağlı olub. Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, hər kəsin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ var. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, işin qanuni hakimin icraatından əsassız götürülməsi və məhkəmə aidiyyətinin dəyişdirilməsi yolverilməzdir. İş materiallarından müəyyən edilib ki, Nəsib Səfərov iki epizod üzrə dələduzluqda ittiham olunur. Bu səbəbdən iki epizod üzrə cinayət işinin bir icraatda birləşdirilərək ağır cinayətlər məhkəməsinə göndərilməsi mümkün olub. Lakin məhkəmə araşdırması zamanı mühüm hal müəyyən edilib. Belə ki, cinayət işinin ağır cinayətlər məhkəməsinə göndərilməsinə səbəb olan birinci epizod məhz Gəncə şəhərində törədilib. Ekskavatorun əldə edilməsi və ələ keçirilməsi də Gəncə şəhəri ərazisində baş verdiyindən cinayət işinin ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılmalı olduğu qənaətinə gəlinib. Nəticədə Nəsib Səfərovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qərara alınıb.





















