BANKLARDAN MİLYARDLARLA MANAT KREDİT GÖTÜRÜLÜR - Əhali pulu hara xərcləyir?
Bu il Azərbaycanda kreditə tələbatın hansı istiqamətdə formalaşması diqqət çəkir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, may ayının sonunda bankların kredit portfeli 30,89 milyard manata çatıb və bunun ən böyük hissəsi 16,40 milyard manatla biznes kreditlərinin payına düşüb. İstehlak kreditlərinin həcmi də 9,78 milyard manata yüksəlib ki, bu da əhalinin borclanma davranışı ilə bağlı suallar yaradır. Əhali bu gün kredit götürərək daha çox hansı ehtiyacını qarşılayır? Biznes kreditlərinin artması yeni bizneslərin yaranmasından xəbər verir, yoxsa mövcud sahibkarlar fəaliyyətlərini davam etdirmək üçün daha çox borclanırlar? Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, istehlak kreditlərinin böyük hissəsi insanların müxtəlif ehtiyaclarının qarşılanmasına yönəlib. Onun sözlərinə görə, burada əsas sual kreditlərin hansı məqsədlə götürülməsidir. Ekspert qeyd edib ki, ev almaq, xəstəliklə bağlı xərcləri qarşılamaq kimi ehtiyaclar zəruri hesab oluna bilər. Lakin telefon və avtomobil almaq, xaricə səyahət etmək kimi xərclər, onun fikrincə, əksər hallarda zəruri tələbat deyil: “İnsanlar bəzən ehtiyac olmadığı halda, kredit hesabına telefon, avtomobil alır, xaricə səyahətə gedirlər. Burada reklamların da böyük təsiri var. Ticarət şəbəkələri davamlı olaraq insanları alış-verişə təşviq edir. Nəticədə insanlar bir-iki ildən bir telefonlarını dəyişirlər, halbuki bunun üçün kifayət qədər vəsaitləri olmur”. Ə.Həsənovun sözlərinə görə, istehlak kreditlərinə tələbatın artmasında cəmiyyətdəki “qonşudan qalma geri” düşüncəsi də rol oynayır: “İnsanlar ətrafındakı şəxslərdə müəyyən məhsulları gördükdə, özlərində də həmin məhsulların olmasını istəyirlər. Bu da bəzən kredit hesabına əlavə xərclərə gətirib çıxarır”. Ekspert vurğulayıb ki, gəliri və ya sabit maaşı olmayan şəxslərə banklar onsuz da istehlak krediti vermirlər. Bu səbəbdən kredit götürənlərin əksəriyyətinin müəyyən gəlir mənbəyi var: “Çörək pulunu belə tapmaqda çətinlik çəkən şəxslərə onsuz da kredit verilmir. Maaşı və ya gəliri olmayan şəxs bankdan istehlak krediti götürə bilmir”. Ekspert sonda biznes kreditlərinə də toxunaraq bildirib ki, bu sahədə kreditlərin əhəmiyyətli hissəsi dövlət layihələri və infrastruktur proqramları ilə bağlıdır: “Azərbaycanda real özəl biznesin həcmi isə azalır. Biznes kreditlərindən danışarkən nəzərə almaq lazımdır ki, hazırda onların əhəmiyyətli hissəsi dövlət layihələri, xüsusilə də infrastruktur layihələri ilə bağlıdır. Real özəl biznesin həcmi isə ölkədə onsuz da geri gedir və azalır”. Oğuz Ayvaz “AzPolitika.info”






















