İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
Pentaqon rəhbəri Pit Heqset Yaxın Şərqdəki ABŞ hərbçilərinin yerləşdirilmə müddətini gizli şəkildə uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmayacağını istisna etmir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri fəaliyyət göstərir. Bildirilir ki, regionda dislokasiya müddətinin uzanması hərbçilərin vəziyyətinə mənfi təsir edir və hərbi texnikaya lazımi xidmət göstərilməsinə mane olur. Məlumata görə, logistik çətinliklər səbəbindən dənizçilər yaxınlarından məktub və bağlamaları daha gec alır, həmçinin təchizatların yenilənməsi prosesi də mürəkkəbləşib. ABŞ lideri Donald Tramp Tehranla hərbi əməliyyatların başa çatdığını elan etmək ideyasını şəxsi söhbətlərində dəstəkləyir. O hesab edir ki, İrana iqtisadi təzyiq göstərilməsi Vaşinqtona öz məqsədlərinə çatmağa imkan verəcək. Buna baxmayaraq, Yaxın Şərqdə hələ də 50 min hərbçinin qaldığı vurğulanır. Münaqişə uzandıqca, hərbi qulluqçuların xidmət müddəti də planlaşdırıldığından daha çox davam edir. Qeyd olunur ki, ABŞ ordusunun hava hücumundan müdafiə qüvvələri üçün standart döyüş dislokasiyası müddəti 9 aydan 12 aya qədər artırılıb. "Spruance" və "Delbert D Black" esminesləri ABŞ-nin hərbi əməliyyatları başlayandan bəri Yaxın Şərqdədir. Hazırda onlar dəniz blokadasında iştirak edirlər və heyətləri aylarla sahilə çıxmadan dənizdə qalırlar. Bundan başqa, 82-ci hava-desant diviziyasının bölmələri gələn il də Yaxın Şərqdə qala bilər. Məlumata görə, "Theodore Roosevelt" aviadaşıyıcı gəmisi regiona ehtimal olunan dislokasiya üçün hazırlanır və onun döyüş növbətçiliyi növbəti ilin yaz aylarına qədər uzana bilər.





















