Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
"İki yaşadək uşaqların ümumiyyətlə ekran qarşısında vaxt keçirməyə ehtiyacı yoxdur. Bunun səbəbi onların görmə sisteminin formalaşma mərhələsində olmasıdır". Mediaxeberleri.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu RT-yə müsahibəsində rusiyalı həkim-oftalmoloq Ada Yeqorova deyib. Həkim müxtəlif yaş qrupları üçün uyğun olan normaları da sadalayıb: "İki yaşdan beş yaşadək uşaqlar üçün gün ərzində 10-15 dəqiqəlik hissələrə bölünməklə, ümumilikdə bir saatdan çox olmamaq şərti ilə ekran vaxtı məqbul sayılır. Altı yaşdan on iki yaşadək uşaqlar üçün isə televizor və kompüter də daxil olmaqla bütün cihazlardan gündəlik istifadə müddəti təxminən iki saat müəyyən edilib. Yeniyetmələr üçün qəti bir norma olmasa da, dərsdən əlavə iki-üç saatlıq fərdi ekran vaxtı məqbul sayılır". Yeqorova qeyd edib ki, miopiya riski gündəlik bir saatlıq ekran istifadəsindən sonra artmağa başlayır və hər əlavə saat bu riski təxminən beşdə bir qədər artırır. Dəqiqələri əllə hesablamağa ehtiyac yoxdur - müasir smartfonlarda ekran vaxtını ölçən daxili funksiyalar mövcuddur. Aralıqsız bir saat ekrana baxmaq gözləri üç dəfə 20 dəqiqəlik fasilələrlə baxmaqdan daha çox yorur. Buna görə də mütəxəssis fasilələr etməyi və hər 20 dəqiqədən bir 20 saniyə ərzində uzağa baxmağı nəzərdə tutan "20 saniyə" qaydasından istifadə etməyi məsləhət görüb. Həkim həmçinin xatırladıb ki, qaranlıq otaqda, uzanarkən və ya hərəkət edən nəqliyyat vasitəsində qadcetdən istifadə etmək gözləri daha tez yorur. Bu səbəbdən otaqda işıq yanmalı, yuxuya getməzdən bir saat əvvəl isə cihazlardan istifadə dayandırılmalıdır. O vurğulayıb ki, smartfon uşağı sakitləşdirmək vasitəsinə çevrilərsə, məhdudiyyətlərə əməl etmək çətinləşəcək. Odur ki, hər axşam ekran vaxtı üstündə mübahisə etməkdənsə, istifadə qaydaları barədə əvvəlcədən razılaşmaq daha məqsədəuyğundur.





















