Sumqayıtda kuryoz hadisə - Bu obyekt kimindir? - VİDEO
Sumqayıtda şəhərin mərkəzində, səkinin üstündə avtobus dayanacağına birləşik obyekt inşa olunub, icra hakimiyyəti belə sahibini tanımır… Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecə qondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəli xəstəxana, Polklinka şöbəsi, üzbəüz küçədə isə 3 saylı orta məktəb yerləşir. Yenicag.az-a müraciət edən yerli sakinlər bildirirlər ki, gecə saat 3-də sürətlə inşa edən bu obyekt şəhərin sıx hərəkət zonasında gediş-gəlişə ciddi əngəl törədir. Maraqlıdır ki, bu obyektin kim tərəfindən inşa olunduğu bilinmir. Obyektin hansı sahədə fəaliyyət göstərəcəyini də bilən yoxdur. Ərazidə tibb ocaqlarının olması səbəbi ilə obyektin aptek kimi fəaliyyət göstərəcəyini güman edənlər var. Göydən düşmüş kimi gecə saatlarında sakinlərin başına qonan bu obyekt barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, onlar Heydər Əliyev prospekti 40-cı məhəllədə səkinin üzərində avtobus dayanacağına bitişik hər hansı bir obyektin inşasına və fəaliyyətinə icazə verməyiblər. Obyektin kim tərəfindən ora qoyulmasından da xəbərsizdirlər. İcra Hakimiyyətindən bildirilib ki, əraziyə gəlib obyektə baxış keçirəcəklər. Amma iki gün keçməsinə baxmayaraq, icra hakimiyyətindən nə əraziyə gəlib baxış keçirilib, nə də qanunsuz obyektin söküntüsünə başlanılıb. İcra hakimiyyətinin davranışlarından belə görünür ki, onlar icazə verməsələr də, əslində obyektin kim tərəfindən, hansı məqsədlə inşa edildiyindən xəbərdardırlar. Ya icra hakimiyyəti həmin gücün qarşısında acizdir, ya da… Üçüncü variant yoxdur. P S. Yazı dərc edilməyə hazırlanarkən şikayətçilər bildirdilər ki, qanunsuz obyekt nəinki sökülür, əksinə fəhlələr hazırda obyektin ətrafındakı tameti yeniləyirlər. Bu isə başqa mətləblərdən xəbər verir. Mövzu diqqətimizdədir.























