"Simurq quşu" tamaşası Qazaxda nümayiş etdirilib – FOTOLAR
Teatrımızın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubovdur. Quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayevadır. Rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov ifa edirlər. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.
Bu gün saat 12:00-da Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş və onun "Simurq quşu" hekayəsinin əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi baş tutub.


























