40 yaşdan sonra idmana başlayanlara HƏKİMDƏN ÇAĞIRIŞ
"Əməkdar artist Cabir İmanovun infarktdan dünyasını dəyişməsi xəbərinə çox üzüldük, Allah rəhmət eləsin. Bəlkə, daha əvvəldən müayinə olunsaydı, erkən müdaxilə etmək mümkün olardı. Ola bilər, ümumiyyətlə, əvvəllər heç bir şikayəti olmayıb. Bəzən insanlarımız 3-5 dəqiqə davam edən ağrılara "oldu, keçdi" deyərək çox əhəmiyyət vermirlər. Amma kardioloji xəstələr üçün bu, çox vacibdir. Çünki məhz maksimum 20-25 dəqiqə sinədə yayılmış ağrılar olur. Mütləq 40 yaşdan yuxarı insanlar kardioloji müayinə olunandan sonra idmanla məşğul ola bilərlər". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış kardioloq Muxtar Müseyibov deyib. Həkim bildirib ki, bütün dünyada və dünyanın bir hissəsi olan Azərbaycanda ürək-damar xəstəlikləri kifayət qədər geniş yayılıb və çox təəssüf, gəncləşib: "Artıq gənclər arasında infarkt xəstəliyi, ani kardiyak ölümlər yetəri qədərdir. Əlbəttə ki, idman sağlamlıqdır, amma daha gənc yaşdan sağlam həyat tərzi yaşamaq, idmanla məşğul olmaq, vaxtında zərərli vərdişlərdən, xüsusilə siqaretdən, elektron siqaretdən uzaq olmaq, şəkər varsa, ciddi kontrol etmək, xolesterini yoxlatmaq, kardioloji müayinədən keçmək vacibdir. Əgər kimlərinsə ailəsində genetik olaraq kardioloji xəstələrə yatqınlıq, gənc yaşda dünyasını dəyişən, infarkt keçirən insanlar varsa, mütləq o insanlar kardioloji baxımdan risk qrupuna girirlər. Buna görə də 35 yaşdan sonra yaxşı olar ki, ildə bir dəfə, maksimum iki ildən bir dəfə kardioloji "check-up" müayinəsindən keçsinlər. Tövsiyə edirəm ki, kardioloji risk faktoru yoxdursa, yəni genetikası yoxdursa belə, mütləq 40 yaşdan sonra ildə bir dəfə insan "chek-up" müayinədən keçməli, həm qan təhlilləri, həm kardioloji EKG, EXO, lazım olarsa, stres testi edilməlidir. Bunların nəticələrinə əsasən, gərək yaranarsa, daha dərin kardioloji müayinələr tövsiyə edilir. Xüsusən, bəlli yaşı olan insanlar idman məşqlərinə başlamadan öncə kardioloji müayinədən keçməlidirlər. Bütün dünyada, o cümlədən Azərbaycanda da həkimlərimiz daima insanlara şikayətləri olmasa belə, müayinə olunmağı tövsiyə edirlər. Çünki erkən diaqnoz həyat qurtarır".