Abşeronda boya istehsalı zavodunda yanğın məhdudlaşdırılıb - YENİLƏNDİ
Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb. Bu barədə FHN Mətbuat xidmətinin məlumatında qeyd olunub: " Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək". *** 12:15 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. *** 11:08 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.