DGK-nın sabiq şöbə rəisinə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.Az-ın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Aslanov 8 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, Anar Aslanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Gürcüstandan Azərbaycana idxal olunmuş, istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz rəsmiləşdirilməsinə şərait yaradıb. Keçirilən əməliyyat zamanı Anar Aslanov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.