Biləsuvar sakinlərini bezdirən su problemi: "Məcburiyyətdən bataqlıqdan su götürüb içirik" - VİDEO
Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar. Sakinlər illərdir hökm sürən problemin həlli üçün aidiyyəti qurumdan kömək gözləyirlər. "Suyumuz yoxdur, quru səhrada "su" deyib imdad edirik. Məcburiyyətdən bataqlıqdan su götürüb içirik", − sakinlərdən biri söyləyib. Problemlə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sözügedən ərazi rayonun yeni salınmış yaşayış sahəsidir və rayonda su-kanalizasiya sistemi qurularkən bu ərazidə yaşayış mövcud olmadığından layihəyə daxil edilməyib. Qurumun açıqlamasına görə, sonradan vətəndaşların müraciəti əsasında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən "Azərsu" ASC-yə müraciət olunub. İcazə alındıqdan sonra sakinlərin öz vəsaitləri hesabına müvəqqəti içməli su xətti çəkilib. Lakin bu xətt layihədənkənar olduğundan sayğacların quraşdırılması mümkün olmayıb. Qurumdan o da bildirilib ki, hazırda problemin tam şəkildə həlli üçün müvafiq qurumlar tərəfindən əlavə işlər aparılır. Ətraflı Baku TV-nin süjetində: