İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, torpaq, yurd, el-oba, bu amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaqdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Comərdov Rasim Bəxtiyar oğlu da Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub. Rasim Comərdov 28 oktyabr 1973-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 18.12.1996-cı ildə Quşçu Ayrım kəndində ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Mülki şəhiddir. Subay idi. Mayın 22-də şəhidimizin atası Comərdov Bəxtiyar Abdurəhman oğlu dünyasını dəyişib. Mayın 23-də şəhid atası Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid atasının hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Bəxtiyar Comərdovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. “Bu gün özümə borc bildim ki, şəhidimizin atasının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.