Xəbərdarlıq edildi: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq - Səbəbi açıqlandı
Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur. Bu da əvvəlki aylardakı qiymətlərlə eynidir. Mövsümə baxmayaraq, qiymətlərin sabit qalması, endirimin olmaması ciddi suallar doğurur. Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli sözügedən problemin səbəblərini sadaladı. O hesab edir ki, qiymətlərin sabit qalmasında əsas səbəblər dəyişkən hava şəraiti və istehsalın az olmasıdır: “Bu dövrdə Azərbaycanda kartofun qiyməti enməli idi. Çünki bu müddət yeni kartofun bazara çıxması ilə səciyyələnir. Lakin ardıcıl yağan yağışlar və soyuq hava şəraiti kartof yığımını ləngidir. Nəticədə, faraş kartof bazara kütləvi şəkildə çıxarıla bilmir. Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il kartof istehsalında ciddi azalma müşahidə olunur. Məsələn, 2023-cü ildə kartof istehsalının əsas mərkəzlərindən biri olan Cəlilabad rayonunda 60 min hektar sahədə kartof əkilmişdi. 2024-cü ildə bu rəqəm 30 min hektara düşüb. Bu il isə kartof əkini təxminən 20-25 min hektar arasında qərarlaşıb. Beləliklə, həm istehsalın azalması, həm də əlverişsiz hava şəraitinin yığıma təsiri qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub”. Ekspert qeyd etdi ki, qiymətin enib-enməməsi hava şəraitindən asılı olacaq, lakin yenidən bazarda ötənilki qiymətləri müşahidə etməyəcəyik: “Sahibkarlar xaricdən gətirilən kartofu yalnız kiçik partiyalarla idxal edirlər. Bu, bazarda qiymətlərin kəskin şəkildə enməsi halında ziyana düşməmək üçün atılan addımdır. Ölkədə 2023-cü ildən qalan kartof ehtiyatı isə artıq mart ayında tükənib. Bu faktorlar da qiymətlərin eyni qalmasına təsir edir. Azərbaycanda kartof və soğan ən çox tələbat olan məhsullardandır. Lakin bu məhsullar da yerli tələbatı tam şəkildə ödəyə bilmir. Məsələyə diqqət yetirsək görərik ki, ötən il kartof mart ayının sonunda bahalaşmağa başlamışdısa, bu il bahalaşma daha erkən – mart ayının əvvəlində müşahidə olunub. Bu da onu göstərir ki, ölkədə kartof bazarında tələb və təklif arasında balans tam təmin olunmur. Hava şəraitinin yaxşılaşacağı təqdirdə qiymətlərdə enmə müşahidə olunacaq. Lakin yenə də bu qiymətlər keçənilkindən baha olacaq”. Roza Şəfiyeva Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.