Qazaxda fəaliyyət göstərən “LabMed” Tibbi Mərkəzi artıq xəstələrin səbir kasasını daşırıb. Dünən qeydiyyata alınan bir xəstə bu günə qədər – bir sutkadan çox vaxt keçməsinə baxmayaraq – hələ də müayinəyə düşə bilməyib.
Mərkəzin USM həkimi Validə xanımın qəbuluna düşmək üçün xəstələr ən azı 1-2 sutka gözləməli olurlar. Bu isə tibbi xidmətin səviyyəsinə tamamilə yaraşmayan, xəstələrin sağlamlığına ciddi zərbə vuran bir vəziyyətdir.
Məsələ ilə bağlı baş həkim Turan həkimlə əlaqə saxladım. Sual verdim ki, necə ola bilər, dünən qeydiyyata düşən xəstə bu gün də müayinəyə çağırılmayıb? Cavabı isə çox təəssüf doğurucu idi:
“Mən nə edim, Elnur? Mən Bakıda, sən orda. Get Validə xanıma de, niyə belə işləyir.”
Dedim ki, “Turan həkim, siz baş həkimsiniz, siz nizam-intizam yaratmasanız, mənim deməyim nə dəyişə bilər?”
O isə əlavə etdi:
“Başqa həkim yoxdur, məcburuq Validə xanımla işləməyə.”
Bu cavab bir daha göstərir ki, Qazaxda həkim çatışmazlığı problemi sadəcə statistik rəqəm deyil — bu, insanların birbaşa həyatına və sağlamlığına təsir edən acı reallıqdır.
Mən, Elnur Quliyev, bir Qazax sakini olaraq TƏBİB-ə rəsmi müraciət edirəm:
Qazax rayonuna təcili şəkildə peşəkar USM həkimi göndərilməsi təmin edilsin. Vətəndaşlar tibbi xidmət üçün gəlirlər, amma nəticədə əsəbdən, süründürməçilikdən və səhlənkarlıqdan daha çox əziyyət çəkirlər.