Cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edildi
"Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib". Mediaxeberleri.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova deyib. O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək: "Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil". 12:40 Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib. Həmçinin azyaşlının anasına isə Cinayət Məcəlləsinin (CM) 171-ci maddəsinə əsasən cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır: "Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı açılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.