Dələduzluq edən keçmiş prokuror - “Mərc oyunlarına meyilli idim”
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş prokurorluq əməkdaşı barəsindəki cinayət işi üzrə keçirilən proses başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, Göygöl rayon prokurorunun sabiq böyük köməkçisi, 1984-cü il təvəllüdlü Nicat Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (Dələduzluq) maddələri ilə təqsirləndirilib. Bildirilib ki, 2010-cu ildə prokurorluq orqanlarında işə qəbul olunan və 2020-ci ildə Göygöl rayon prokurorunun böyük köməkçisi təyin edilən N.Hüseynov iki vətəndaşı aldadaraq xeyli pul alıb. Belə ki, o, adam oğurluğu, zorlama kimi əməllərdə ittiham edilən S.Hüseynovun ailə üzvündən 10 min, qəsdən adam öldürməyə cəhddə ittiham edilən A.İbrahimovun ailəsindən isə 12 min manat alıb. Qarşılığında isə Nicat Hüseynov rayon prokuroru ilə əlaqələrindən istifadə edərək onlar barəsindəki istintaq prosesinə təsir edəcəyini və həbsdən azad ediləcəklərini vəd edib. Lakin sonradan həmin şəxslərin ailələri N.Hüseynov barəsində şikayət ediblər. Məhkəmədə sabiq prokuror köməkçisi bildirib ki, mərc oyunlarına meyilli olduğu üçün həmin şəxslərdən borc alıb və daha sonra notarial qaydada aldığı pulları geri qaytarıb. Həmçinin qeyd edilib ki, N.Hüseynov barəsində şikayətlər edildikdən sonra 2021-ci ilin dekabrında o, prokurorluq orqanlarından xaric edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr tarixli hökmü ilə keçmiş prokurorluq əməkdaşına 1 il vəzifə tutma hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası təyin edilib.