Bitki yağlarının faydalı olması üçün hansı şəkildə istifadə etməliyik? - Mütəxəssisdən açıqlama
Orqanizmimiz üçün rafinə olunmamış yağlar daha faydalıdır. Mediaxeberleri.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt-dietoloq, tibb elmləri namizədi Tatyana Solntseva bildirib. O qeyd edib ki, belə yağlar adətən salatlara əlavə olunur. "Bu yağlar daha kəskin qoxuya malikdir, bu isə bəzən insanların xoşuna gəlməyə bilər. Lakin bu zəngin qoxu onların tərkibindəki yüksək miqdarda aromatik və digər faydalı maddələrlə bağlıdır. Rafinə edilmiş yağlar isə emal prosesindən keçdiyi üçün faydalı xüsusiyyətlərinin bir hissəsini itirir," - deyə Solntseva qeyd edib. Mütəxəssis bildirib ki, bununla belə, ən faydalı olan tək bir yağ növü yoxdur. "Ən yaxşısı - rasionda bir neçə yağ növünü qarışdırmaqdır. Məsələn, "omeqa-6" yağ turşuları ilə zəngin günəbaxan yağını götürüb ona bir az yağçiçəyi yağı, balqabaq yağı və ya kətan toxumu yağı əlavə etmək olar. Bu qarışıqlarla salatları dadlandırmaq mümkündür. Pəhrizdə yağların müxtəlifliyi sağlam qidalanmanın əsasını təşkil edir. Nə qədər çox yağ növündən istifadə etsək, orqanizmimiz üçün bir o qədər yaxşıdır", - deyə Solntseva əlavə edib. Mütəxəssis qızartma zamanı hansı bitki yağlarından istifadənin zərərsiz oluğunu da açıqlayıb. O, bu proses üçün rafinə edilmiş yağları tövsiyə edib. "Bu, yağın buxarlanma temperaturuna görədir. Bunlar yüksək buxarlanma temperaturuna malik yağlardır. Onlarda qızartma zamanı zərərli maddələr əmələ gəlmir və bu yağları 250 dərəcəyə qədər qızdırmaq olar. Belə yağlarda heç bir zərərli maddə olmur," - deyə Solntseva izah edib. Ekspertin sözlərinə görə, bunun əksinə rafinə edilməmiş təzə sıxılmış yağlar qızartma üçün istifadə olunarsa, onlarda yanma məhsulları əmələ gələ bilər, çünki bu yağlar çoxlu əlavə maddələr ehtiva edir. "Buna görə də salatların hazırlanmasında rafinə edilməmiş yağ qarışıqlarından istifadə etmək, qızartma və yüksək temperaturlu yemək bişirmək üçün isə xüsusi olaraq qızartma üçün nəzərdə tutulmuş rafinə edilmiş yağlara üstünlük vermək tövsiyə olunur," - deyə Solntseva bildirib.