Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
Mediaxeberleri.Az-ın xəbərinə görə, sosial şəbəkə hesabında paylaşdığı postda Müdafiə naziri General-polkovnik cənab Zakir Həsənova Şəhid kapitan Mühüd Orucovun döyüş yolunun qiymətləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə rəsmi müraciət ünvanlayıb. Mediaxeberleri.Az xəbər verir ki, müraciətdə deyilir: Hörmətli cənab Nazir! Bu müraciəti sizə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş, hərb tariximizin unudulmaz simalarından biri olan Şəhid kapitan Mühüd Qurban oğlu Orucovun döyüş yolunun layiq olduğu yüksək səviyyədə qiymətləndirilməsi məqsədilə ünvanlayıram. Mühüd Orucov xidmət etdiyi illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar, cəsur və Vətənə sadiq zabitlərindən biri olmuşdur. O, cəbhə xəttində göstərdiyi əfsanəvi qəhrəmanlıqlara, düşmənə vurduğu sarsıdıcı zərbələrə və strateji mövqelərdə düşmənin canlı qüvvəsini şəxsən məhv etdiyinə görə 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən şəxsən Qızıl Saatla təltif edilmişdir. Onun digər uğurlu əməliyyatları və peşəkarlığı Sizin tərəfinizdən də dəfələrlə yüksək qiymətləndirilmiş, rəhbərlik etdiyiniz ordunun fəxr ediləsi bir zabiti olduğu vurğulanmışdır. 2016-cı ilin Aprel döyüşlərində kapitan Mühüd Orucov tabeliyindəki şəxsi heyətlə birlikdə Lələtəpə yüksəkliyinin azad edilməsi və qorunub saxlanılmasında misilsiz şücaət göstərmişdir. O, düşmənin zirehli texnikasının və hücumlarının qarşısından bir addım da geri çəkilməyərək, ömrünün son anınadək qəhrəmancasına döyüşmüş və Şəhidlik zirvəsinə ucalmışdır. Onun və digər qəhrəmanlarımızın Aprel döyüşlərində nümayiş etdirdiyi bu rəşadət Qarabağın tam azadlığına aparan şanlı yolun özülü olmuşdur. Mühüd Orucovun adı gələndə düşmən vahiməyə düşürdü və onun döyüş tarixi gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Lakin hesab edirik ki, Şəhidimizin Vətən qarşısındakı bu böyük xidmətləri, canı bahasına göstərdiyi qəhrəmanlıqlar hələ də layiq olduğu ən yüksək səviyyədə – "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə taclandırılmamışdır. Hörmətli Cənab Nazir, Şəhid kapitan Mühüd Orucovun göstərdiyi bu müstəsna xidmətlərin və tarixi şücaətin dövlətimiz tərəfindən yenidən nəzərdən keçirilməsini, onun xatirəsinin əbədiləşdirilməsi və xalqımızın qəlbindəki ali statusunun hüquqi olaraq təsdiqi üçün ona "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırmağınızı Sizdən hörmətlə xahiş edirəm. Şəhidlərimizin qanı ilə yazılan bu şanlı tarixi uca tutacağınıza və müraciətimizə həssaslıqla yanaşacağınıza böyük ümid bəsləyirik. Hörmətlə: Səbinə Yusif, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist
Tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, ictimai sektorun təcrübəli nümayəndələrindən olan Səbinə Yusif Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət edib.





















