Fidan: “İran Prezidentinin Ərdoğanla görüşünü gözləyirik”
Türkiyə İran Prezidenti İbrahim Rəisinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında iştirak etmək üçün Ankaraya səfərini gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyəli nazir bildirib ki, Tehranda budəfəki danışıqlar zamanı tərəflər Əməkdaşlıq Şurasına hazırlıq məsələlərini müzakirə ediblər. “Biz sərhədlərin birgə təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, ticarət, əməkdaşlıq məsələlərini müzakirə etdik. Ticarət dövriyyəmizin 30 milyard dollara çatdırılması üçün hansı tədbirlərin görülməli olması ilə bağlı təkliflərimizi çatdırdıq və bunun üzərində çox ətraflı dayandıq”, - Fidan bəyan edib. O, yaxın vaxtlarda Türkiyə-İran hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini də bildirib. Fidanın sözlərinə görə, Türkiyə Rusiya və İranın iştirakı ilə dördtərəfli formatda Suriya ilə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etməyə davam edir. “Biz İran və Rusiya ilə birlikdə dördtərəfli formatda Suriya ilə bağlı işi davam etdiririk. Məsələlərin diapazonu genişdir. Təbii ki, tərəflərin hər birinin razılaşa bilmədiyi məqamlar var. Biz müzakirəni davam etdiririk”, - o deyib. Mənbə: Anadolu