Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? - RƏSMİ AÇIQLAMA
Goranboy rayonunun Tatarlı kəndində su problemi yaşanır. Xüsusilə kənd sakinləri suvarma suyunun yoxluğundan əziyyət çəkirlər. Bu şikayətlə Bizim.media-ya bir qrup kənd sakini müraciət edib. Kənd sakinlərinin sözlərinə görə, kəndin suvarma suyu kəsilib və əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir. Sakinlər dəfələrlə eyni problemin yarandığını bildiriblər: "Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Artezian quyusu yoxdur. İcra başçısı illərdir müəyyən vədlər verir, amma problem yenə də həll olunmayıb. Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur". Məsələ ilə bağlı Goranboy Suvarma Sistemləri İdarəsindən bildirilib ki, həmin kənddə 12 ədəd subartezian quyusu inşa edilib: "Tatarlı kəndində ümumi 620 hektar əkin sahəsi var və 12 ədəd subartezian quyusu xidmət göstərir. Qaraçay çayından həmin kəndə qol ayrılır ki, kəndin su ehtiyacı bununla da təminat olunur. Əvvəlki illərdə yağıntının az olması səbəbindən Qaraçayda su olmadığı üçün quraqlıq olmuşdu. Amma bu il orada elə bir problem yoxdur".