İtkin düşən əsgərimizin cəsədi tapıldı - Rəsmi açıqlama (Yenilənib)
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. *** İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.