Qızılcadan vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışdılar - YENİLƏNİB + FOTO/VİDEO
Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı uşağın ailə üzvləri danışıblar. Mərhumun dayısı Fəxrəddin Nəzərov bildirib ki, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə bir həftə öncə xəstələnib və müalicə aldıqdan sonra vəziyyəti yaxşılığa doğru gedib: “Dünən bir anda gördük ki, uşağın vəziyyəti ağırlaşıb. Təcili yardım gəldikdə, uşağı xəstəxanaya aparmaq istədi. Biz dedik ki, xəstəxanaya aparmaq lazım deyil”. Vəfat edən azyaşlının babası Şücaət Rufullayev qeyd edib ki, təcili yardım getdikdən bir müddət sonra Uğurun vəziyyəti pisləşib və onu xəstəxanaya aparsalarda uşağı xilas etmək mümkün olmayıb. Ətraflı Baku TV-nin süjetində: 16:34 Lənkəranda üç yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin “Report”un cənub bürosuna verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 6 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinə gətirilib. Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virusmənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiya tədbirlərinə baxmayaraq, saat 15 radələrində azyaşlının ölüm faktı qeydə alınıb. 14:53 Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şirinsu qəsəbəsində qeydə alınıb. Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bununla son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.