Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonu, Qovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, VAZ markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən vəfat edən sürücü, 1961-cı il təvəllüdlü Hüseynov Şakir Şahmalı oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





















