Arazdəyən-Naxçıvan dəmir yolu Azərbaycanın xeyrinədir? - AKTUAL
“Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması regional əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək”.
Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov "Cebhe.info"-ya İrəvanın Gümrü-Qars və Arazdəyən-Naxçıvan dəmiryol xətləri ilə bağlı təklifini şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistan bu istiqamətdə fəallıq nümayiş etdirməlidir:
“Gümrü-Qars və Arazdəyən dəmiryol xətləri vasitəsilə Naxçıvanı Azərbaycanın qərb əraziləri ilə birləşdirməklə yanaşı Ermənistan-Türkiyə dəmir yollarının açılmasına şərait yaradacaq. Bu dəmiryol xətləri ilə bağlı perspektivlər var.
Əsas məsələ, bu xətlərin açılmasına nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, rəsmi Bakının təklifi Zəngəzur istiqamətində kommunikasiyaların işə salınması ilə bağlıdır.
Ancaq İrəvanın nəqliyyat kommunikasiyalar məsələsində öz məqsədləri var. Belə ki, üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinə əsasən, Ermənistan ərazisindən keçəcək dəmiryol xətləri Rusiya hərbçilərinin nəzarəti altında olmalıdır. Bu məsələdə Moskva ilə İrəvan arasında gərginlik yaşanır. İrəvanın onun ərazisindən keçəcək dəmiryol xətlərinin rus hərbçilərinin nəzarəti altında olmasını istəmir.
Ermənistan hakimiyyəti bu xətlərin özünün müəyyən etdiyi istiqamətdən keçməsini və öz prosedur qaydalarının tətbiq olunmasını istəyir. Burada əsas məsələ Ermənistanın kommunikasiyalar məsələsinin arxasında dayanıb-dayanmayacağıdır. Çünki burada həm siyasi çətinliklər, həm də texniki məsələlər var.
Bildirim ki, Azərbaycanın həm beynəlxalq hüquq və prinsiplərlə, həm də regional siyasi-hərbi-iqtisadi baxımdan mövqeyi çox güclüdür. Nəqliyyat kommunikasiyaların açılması Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına çox müsbət təsir göstərəcək”.