“Ağdərə rayonunun bərpa edilməsi üçün adekvat tarixi-siyasi situasiya yarandı“ - ŞƏRH
“Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Parlamentdə yekdilliklə dəstəklənərək qəbul edildi. Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri ilə işğal və təcavüzə son qoymaqla suveren haqlarımızı və beynəlxalq hüququn aliliyini təmin edən möhtərəm Prezident Ağdərə rayonunu yenidən təsis etməklə tarixi ədaləti bərpa etmiş oldu”. Bu sözləri ”Yeni Gundem”-ə deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Ağdərə rayonu Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə, hakimiyyətdaxili intriqaların nəticəsi olaraq, heç bir ümummilli maraq kəsb etməyərək ləğv edilmişdi. Bu qərar ağdərəlilər tərəfindən ciddi narazılıqla qarşılansa da, sonradan müharibə, işğal proseslərin məcrasını dəyişdi. “Müzəffər Ali Baş Komandanın qətiyyətinin nəticəsində qazanılan Zəfərimizlə yaranan yeni reallıqla artıq Ağdərə rayonunun bərpa edilməsi üçün adekvat tarixi-siyasi situasiya yarandı. Bu gün əminliklə deməliyik ki, Ağdərə rayonunun yaradılması barədə qərar cənab İlham Əliyevin böyük Zəfərində ən qiymətli ştrixlərindən biri kimi tariximizə düşəcək”.