Şəkidə tarixi abidə satışa çıxarılıb? - RƏSMİ AÇIQLAMA
Şəki şəhərində tarixi abidənin hərraca çıxarılması ilə bağlı məlumatlar yayılıb. Söhbət Şəki Şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan 6 saylı hamamdan gedir. Məlumata görə, abidənin yerləşdiyi 471,1 kvadratmetr torpaq sahəsi də əmlakla birlikdə satışa çıxarılıb. Tarixi hamamın ilkin satış qiyməti 47 min manat təşkil edir. Torpaq sahəsinin ilkin satış qiyməti isə 23 min manatdır.
Qeyd edək ki, “Abdulxalıq hamamı”nın 19-cu əsrdə inşa olunduğu bildirilir. Ümumi sahəsi 220,6 kvadratmetr olan tarixi hamam Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 947 ünvanında yerləşir.
“Abdulxalıq hamamı” adlandırılan 6 saylı hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi hesab edildiyi üçün Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb (4974 saylı inventar) və dövlət tərəfindən qorunur.
Bizim.media məsələni aydınlaşdırmaq üçün Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin məsul əməkdaşı Sadiq Yusifov bildirib ki, onlarda belə bir məlumat yoxdur:
“Sizin müraciətinizdən sonra araşdırmaya başlayacağıq. Ən qısa zamanda ətraflı məlumat veriləcək”.