Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar: Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir?
Mil-Muğan Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasovla bağlı sosial şəbəkələrdə diqqətçəkici məlumatlar yayılıb. Hər şeydən əvvəl ona görə ki, bu iddialar cinayət tərkibli olmaqla yanaşı, həm də Nazirlikdə, o cümlədən Mil-Muğan Regional Təhsil İdarəsində bir şəbəkənin fəaliyyət göstərdiyinə işarə edir. İddialara gəlincə, gündem24.az portalının məlumatına görə, Mil-Muğan Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov rayonda fəaliyyət göstərən məktəb direktorlarından və bağça müdirlərindən hər ay pul yığır. Qeyd edilir ki, vaxtilə toylarda tamadalıq edən, sonradan alverə girişən, daha sonra sələm işi ilə məşğul olan Elvin Abbasov özünə diplom almağa nail olandan sonra müəllim, məktəb direktoru və sektor müdiri vəzifəsinə qədər yüksələ bilib. Maraqlıdır ki, son bir neçə ildə Elm və Təhsil Nazirliyində təhsilə aidiyyəti olmayan təsadüfi “kadrların” vəzifələrə təyin olunması haqqında məlumatlar çox artıb. Yayılan məlumatlarda bildirilir ki, Elvin Abbasovun hazırda da sələm işi ilə gizli məşğul olduğunu Beyləqanda bilməyən yoxdur. Sadəcə olaraq, sektor müdiri bu dəfə sələm işini “modernləşdirərək” faizi aşağı salıb “kredit” halına gətirib. İddialara görə, sektor müdiri Beyləqanda fəaliyyət göstərən məktəb direktorları və bağça müdirlərinin bir hissəsinə bu “kredit”dən verib. Bu iddialara inanarsaq, demək ki, Elm və Təhsil Nazirliyinin bütöv bir rayonun təhsilindən məsul olan işçisi qanunsuz bank xidmətləri göstərir və bu da öz-özlüyündə cinayət məsuliyyəti yaradır. Maraqlıdır, Mil-Muğan Regional Təhsil İdarəsində bu iddialardan xəbərləri yoxdurmu? Ya da elə Nazirliyin? Böyük ehtimalla bilirlər və hətta bu iddialar doğru olmasa belə, haqqında bu cür iddialar səsləndirilən bir şəxsin Beyləqan Rayon Təhsil Sektorunun müdiri vəzifəsinə təyin olunması istər regional idarənin, istərsə də Elm və Təhsil Nazirliyinin qarşısında bir çox suallar yaradır...
Poliqon xəbər verir ki, yayılan məlumatlarda Elvin Abbasovla bağlı çox ciddi iddialar yer aldığına görə Elm və Təhsil Nazirliyi bu iddiaları görməzdən gəlməməlidir.






















