Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının VIII turunda daha iki matç oynanılacaq. Mediaxeberleri.Az xəbər verir ki, günün birinci qarşılaşmasında "Qəbələ" öz meydanında "Sabah" komandasını sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək bu görüş saat 16:00-da başlayacaq. Günün digər və turun əsas hesab olunan matçında isə "Qarabağ" "Neftçi" ilə qarşı-qarşıya gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq bu oyun saat 19:00-da start götürəcək. Xatırladaq ki, turun daha əvvəl baş tutan oyunlarında "Şamaxı" "Şəfa" (3:2) üzərində, "Sumqayıt" isə "Araz-Naxçıvan" (2:1) üzərində əzmkar qələbələr qazanıblar. Hazırda "Neftçi" yeddi matçdan sonra topladığı 16 xalla turnir cədvəlinin zirvəsində yer alır. Bir görüş az keçirmiş "Sabah" və "Qarabağ" isə eyni xal göstəricisinə sahibdirlər. Hər iki komanda müvafiq qaydada ikinci və üçüncü sıralarda qərarlaşıblar. Misli Premyer Liqası, VIII tur 17 oktyabr 16:00. "Qəbələ" - "Sabah" Baş hakim: Əliyar Ağayev; Köməkçi hakimlər: Akif Əmirəli, Zeynal Zeynalov; Dördüncü hakim: Namiq Bəkirov; VAR: Rəşad Əhmədov; AVAR: Rahil Ramazanov; Hakim-inspektor: Munis Abdullayev; AFFA nümayəndəsi: Seymur Səlimli; Stadion: Qəbələ şəhər stadionu. 19:00. "Qarabağ" - "Neftçi" Baş hakim: Kamal Umudlu; Köməkçi hakimlər: Namiq Hüseynov, Vüsal Məmmədov; Dördüncü hakim: Fərid Hacıyev; VAR: Əli Əliyev; AVAR: Pərvin Talıbov; Hakim-inspektor: Şahin Cəfərov; AFFA nümayəndəsi: Erkin Hüseynov; Stadion: Tofiq Bəhramov adına Respublika stadionu.





















