Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Türkiyənin nüfuzlu “CNN Türk” kanalı son günlər Türkiyə və Azərbaycan arasında baş verənləri müzakirəyə çıxarıb. Mediaxeberleri.Az xəbər verir ki, kanalın məsələyə baxışı, mövzunu müzakirəyə çıxarma şəkli olduqca əhəmiyyətlidir. Belə ki, kanal “Azərbaycanla qardaşlıq əlaqəsi kimi üzür? Türkiyə-Azərbaycan davasını kim istəyir” şəklində qoymaqla əslində bunun kənardan təşviq edilən provokasiya olmasına yönəldib. Aparıcı Göksu Öngörən Özgürün qonaqları KAFKASSAM başqanı Həsən Oqtay, siyasi şərhçi Nur Tuğba Aktay və təhlükəsizlik eksperti Coşqun Başbuğdur. Coşqun Başbuğ Türk dünyasının son vaxtlar gücləndiyini, birlik yolunda ciddi addımlar atıldığını xatırladıb və bunun imperialist gücləri narahat etdiyini xatırladıb. Onun fikrincə, bu birliyi əngəlləmək istəyən ölkələrin başında İsrail gəlir. O, bu məsələdə İsrailin yanında İranın durduğunu vurğulayıb. Qeyd edib ki, türk birliyindən ən çox narahat olanlardan biri də İrandır və bu narahatlığını açıq şəkildə bir neçə dəfə nümayiş də etdirib, Zəngəzur dəhlizinə qarşı konkret mövqe ortaya qoyub. Onun sözlərinə görə, bəzi dövlətlər Azərbaycanla Türkiyə arasında fitnə toxumu səpir. “Azərbaycanda da sadə insanlar bu fitnəni görür və birilərinin hərəkətə keçdiyini çox yaxşı anlayırlar. Çox diqqətli olmalıyıq: ən həssas mövzular gündəmə gətirilir, ən həssas yerlərə toxunulur və bunun üzərindən iki ölkənin əlaqələrini pozacaq xaosun yaradılmasına cəhd edilir. Ancaq Azərbaycan və Türkiyə bu oyunları adladacaq güc və qüdrətdədir”, - Başbuğ qeyd edib. C.Başbuğ 30 oktyabrda TDT-nin Ankara sammitinə İlham Əliyevin də qatılacağına və türk liderlərin birlikdə bir mesaj verəcəklərinə çox ümidvar olduğunu vurğulayıb. Nur Tuğba Aktay da bu fikirlərə qatılıb və bildirib ki, Can Azərbaycanla əlaqələr yalnız siyasi deyil, tarixidir, qan, can, ruh bağı var: “İndiki məqamda Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olması geopolitik baxımdan çox vacibdir”. Aktay da Coşqun Başbuğ kimi, MHP lideri Dövlət Baxçalının 2 gün öncəki bəyanatına istinad edib. Onun fikrincə, sosial şəbəkələrdə iki qardaş ölkənin “arasını açmağa” istiqamətlənən ittihamlar Tehranın maraqlarına uyğundur. “Türkiyə və Azərbaycanın qardaşlığı bizə iki ölkənin suveren haqları olduğunu unutdurmamalıdır. Türkiyənin özündə fərqli şəhərlərdə belə ideoloji qavramlar dəyişə bilər, onda qalmışdı iki ayrı ölkə. Bir daha qayıdaq: bu gərginlik kimin marağına uyğundur? İran, İsrail, Rusiya və sairin. Bizim qardaşlığımızı zədələmək mümkün deyil, ancaq bu məqamda bizim (ziyalılar, siyasi şərhçilər nəzərdə tutulur - red.) üzərimizə də çox böyük məsuliyyət düşür”.





















