65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq və həqiqi hərbi xidmət keçmək tələb edilir. Avtobus idarə etmək üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. İşə qəbul edilən şəxslər avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun idarə etməli, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməlidirlər. Həmçinin yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək, avtobusun texniki vəziyyətinə nəzarət etmək və fövqəladə hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etmək əsas vəzifələr sırasındadır. İş yeri Bakı şəhəridir, iş rejimi isə növbəlidir. Əmək haqqı 1350 manat (gross) təşkil edir. Bundan əlavə, müəssisədəki iş stajına uyğun olaraq maaşa əlavələr, geyim forması və servis xidməti nəzərdə tutulub. Əməkdaşlara Bilgəh Sağlamlıq Mərkəzində və əməkdaşlıq edilən sanatoriyalarda güzəştli istirahət imkanı, eləcə də psixoloji dəstək xidməti təklif olunur. Vakansiyaya müraciət etmək istəyənlər hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki vasitəsilə müraciətlərini tamamlaya bilərlər.





















