Azərbaycan və Ermənistan arasındakı münaqişə dövlətlərarası deyil, əsasən xalqlararası münaqişədir. Bu qarşıdurmanın tarixi əsrlər əvvələ gedib çıxır.
Bəli, Ermənistanla sülh müqaviləsinin imzalanması mühüm siyasi və hüquqi hadisə olardı. Lakin belə bir sənədin imzalanmasını münaqişənin bütün səbəblərinin aradan qalxması kimi qəbul etmək sadəlövhlük olardı. Müqavilə dövlətlərin üzərinə hüquqi öhdəliklər qoya və münasibətlərin normallaşması üçün çərçivə yarada bilər. Ancaq cəmiyyətlərin tarixi yaddaşını, genetik kodlarını, oturuşmuş siyasi düşüncəsini və qarşı tərəfə münasibətini dəyişdirmək gücündə deyil.
Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürməmək öhdəliyini üzərinə götürməsi belə, bu, bütün risklərin aradan qalxması anlamına gəlmir. Söhbət tarixi təcrübənin, mental ideoloji təbliğatın və siyasi mühitin formalaşdırdığı kollektiv düşüncədən gedir.
Dövlətlərarası münaqişələrə nəzər saldıqda isə onların daha çox hüquqi mexanizm kimi çıxış etdiyini görmək mümkündür. Məsələn, Rusiya-Ukrayna, Hindistan-Pakistan, Türkiyə-Yunanıstan və digər nümunələr göstərir ki, bu tip münaqişələrin əsasını ərazi mübahisələri, sərhəd məsələləri və təhlükəsizlik problemləri təşkil edir.
Lakin Azərbaycan-Ermənistan məsələsində ərazi və suverenlik mübahisələri ilə yanaşı, etnik kimlik, tarixi yaddaş, soyqırım təcrübəsi və hər iki tərəfdə formalaşmış düşmənçilik münasibətləri mühüm yer tutur.
Buna görə də Azərbaycan-Ermənistan münaqişəsini sırf dövlətlərarası mübahisə kimi təqdim etmək onun sosial və tarixi ölçüsünü nəzərdən qaçırmaq olardı. Eyni zamanda, onu yalnız xalqlararası münaqişə adlandırmaq da dövlətlərin siyasi-hüquqi məsuliyyətinin rolunu kölgədə qoya bilər. Ən dəqiq yanaşma bu iki istiqamətin bir-birinə bağlı olduğunu qəbul etməkdir. Münaqişənin əsas mahiyyətini xalqlar arasında formalaşmış tarixi və sosial qarşıdurma təşkil edir, dövlətlərarası münasibətlər isə bu qarşıdurmanın siyasi və hüquqi müstəvisini müəyyənləşdirir.