Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
Son günlər məktəblərdə şagirdlərə “mygov”, “Sima” tətbiqindən qeydiyyatdan keçmələri tapşırılıb. Valideynlər isə bu tələbin mahiyyətindən xəbərsiz olduqlarını və bununla bağlı hansısa bir açıqlama verilmədiyini bildirirlər. Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq Agentlikdən Mediaxeberleri.Az-a bildirilib ki, platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır. Məlumatda qeyd edilib ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir: “Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür. 7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür. Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin “mygov” hesabına daxil olmaq mümkündür. Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə “mygov” mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur. Mygov tərəfindən belə bir tələb yoxdur, bu ancaq könüllü şəkildə ola bilər”.





















