Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
Lənkəran rayonunda bir ailənin 9 üzvü qidadan zəhərlənib. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri olan bir ailənin 3-ü uşaq olmaqla 9 üzvü səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib. Göstərilən tibbi yardımlardan sonra onlar günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar. Bildirilib ki, həmin ailənin üzvləri ev şəraitində hazırlanmış pomidor turşusu yedikdən sonra səhhətlərində problem hiss ediblər. *** Lənkəranda kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, qeydə alınan zəhərlənmə faktı agentlik tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir. AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir", - məlumatda qeyd olunub. *** Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.





















