Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
"Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişlə mətbuata bəyanatlarla çıxışı zamanı söyləyib. "İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir", - dövlət başçısı bildirib.





















