Seymur Orucov Eynallı kəndində növbəti dəfə vətəndaşları dinləyib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Eynallı kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı Ağstafada icra olunan və icrası nəzərdə tutulan abadlıq, əsaslı yenidənqurma layihələri barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir regionda həyata keçirilən bu cür işlərin əsas məqsədi ölkənin iqtisadi gücünü daha da artırmaq, əhalinin güzəranını, rifahını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət başçısının sosialyönümlü siyasəti vətəndaşlarımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.
Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib. 

























