Həyətdən çıxan çirkab su ev sahibini çətin vəziyyətə salıb - VİDEO
Bakıda fərdi yaşayış evlərinin birinin həyətindən mənbəyi bilinməyən su çıxır. Mediaxeberleri.Az-ın məlumatına görə, belə müəmmalı vəziyyətlə paytaxtın Suraxanı rayonu, Binə qəsəbə sakini Telnaz Bağırova qarşılaşıb. Südçülük sovxozunda yaşayan qadın deyir ki, son bir neçə aydır həyətdən su çıxdığını görüb və aidiyyəti üzrə müraciət edib. Əlacsız qalan qadın suyu həmin qazılan hissədən vedrə ilə daşıyaraq kənara tökür. Çıxan su ev üçün də təhlükəli vəziyyət yaradıb. Qadın iddia edir ki, evin zirzəmisi çirkabla su ilə dolub. Telnaz Bağırova dəfələrlə Suraxanı Rayon Sukanal İdarəsinə məlumat verib. Adıçəkilən qurumun əməkdaşları gələrək əraziyə baxış keçiriblər. Suraxanı Rayon Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidən keçən borunun “Azərsu” ASC-yə heç bir aidiyyəti yoxdur. Oradan keçən boru vaxtilə suvarma məqsədi ilə çəkilib. İstifadə edilmədiyindən vətəndaşlar kanalizasiya xətlərini həmin boruya qoşublar ki, bu da yüklənmə səbəbindən müəyyən nasazlıqlar yaradıb. Sukanal idarəsindən o da bildirilib ki, buna baxmayaraq, vətəndaşa kömək ediləcək və sızıntının qarşısı alınacaq. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: