Gündə nə qədər su içməliyik? - Rusiyalı həkimdən SADƏ DÜSTUR
Gündəlik nə qədər su içməli olduğunuzu sadə bir düstur vasitəsilə hesablamaq mümkündür. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq, tibb elmləri doktoru Vladimir Neronov Championat.com-a açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yetkin insanlar üçün tövsiyə olunan gündəlik maye qəbulu hər kiloqram bədən çəkisi üçün 30-35 millilitr təşkil edir. Bu hesablamaya əsasən, çəkisi 70 kiloqram olan bir insan üçün optimal gündəlik maye həcmi 2,1-2,5 litr arasında dəyişir. Neronov qeyd edib ki, bu göstəriciyə yalnız təmiz su deyil, həmçinin şorba, tərəvəz və meyvələrdən alınan maye də daxildir. Həkim vurğulayıb ki, bəzi hallarda gündəlik norma artırılmalıdır. "Fiziki aktivliyin artması, isti hava şəraiti, qızdırma, ishal və ya sidikqovucu preparatların qəbulu zamanı maye qəbulu əlavə olaraq 0,5-1 litr artırılmalıdır. Bununla yanaşı, böyrək və ya ürək çatışmazlığı kimi bəzi xroniki xəstəliklərdə qəbul edilən mayenin miqdarı mütləq müalicə həkimi tərəfindən tənzimlənməlidir", - deyə Vladimir Neronov bildirib.





















