SOCAR Ermənistana benzini ucuz satacaq? - AÇIQLAMA
“Ermənistana neft məhsullarının ixracı həyata keçiriləcəksə, bu zaman dünya bazarındakı qiymətlərə uyğun olaraq neft nəqlinin reallaşması mümkün olacaq. Bütün hallarda, Azərbaycan həm neftini, həm də mavi qazını dünya bazarında müəyyənləşdirilmiş qiymətlərə və beynəlxalq şərtlərə uyğun nəql edir”. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "SOCAR"ın Emrənistana Azərbaycandakından daha ucuz qiymətə benzin satacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, neft strateji məhsul olduğuna görə qiyməti dünya bazarında və birjalarda müəyyənləşdirilir: ““Azeri Light” markalı neftin qiyməti “Brent” markalı neftin qiymətindən hər barrelinə görə bir neçə dollar bahadır. “Brent” markalı neftin qiymətinə uyğun olaraq biz digər markalı neft qiymətlərinin müqayisəli şəkildə müəyyənləşməsini müşahidə edirik. Buna görə də Azərbaycanın ixrac etdiyi neft məhz dünya bazarında fyuçers müqavilələrinə uyğun olaraq müəyyənləşdirilən və bu qiymətlərlə satılan enerji məhsullarıdır. Eyni zamanda Azərbaycanda neftin əhəmiyyətli hissəsi konsorsium tərəfindən hasil edilir. Konsorsium da məhz xarici ölkələrlə əməkdaşlıq edən zaman beynəlxalq qiymətlər çərçivəsində neftin satışını həyata keçirir. Neft satışı fyuçers kontraktlarına əsaslandığına görə birbaşa dünya bazarındakı qiymət nəzərə alınmaqla anlaşmalar həyata keçirilir, neft nəqli reallaşır. Bu, konsorsium tərəfindən dünya bazarındakı qiymətə uyğun neft ixracının həyata keçirilməsi anlamına gəlir”. 






















