Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, Kəşfiyyat Tabor Komandiri, Aprel Döyüşləri Qəhrəmanı, Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun döyüş yoldaşları onun qardaşı Elbəy Orucovla görüşüblər. Mühüdlə bağlı xatirələrini bölüşüblər.
Mühüdlə birlikdə Döyüşən zabitlər onun necə Qəhrəman olduğunu və 2016-cı il Aprel Döyüşlərinə kimi Mühüdün xidmətlərinin Milli Qəhrəmanlığa layiq olduğunu, sağlığında göstərdiyi şücaətlərə görə Milli Qəhrəman adını haqq etdiyini qürurla dilə gətiriblər:
"Mühüd Orucovla bir çox döyüş əməliyyatlarında birlikdə olmuşuq. O, ən yüksək ada – Milli Qəhrəmanlıq ünvanına layiq ilk qəhrəmanlardandır. Onun cəsarətini və mərdliyini bütün döyüş yoldaşları təsdiq edə bilər."
Döyüş yoldaşları qeyd ediblər ki, kapitan Orucovun göstərdiyi şücaət və fədakarlıq ordunun qəhrəmanlıq salnaməsində daim yaşayacaq. Şəhidin qardaşına onun xatirəsinin daim böyük ehtiramla yad edildiyi çatdırılıb.