Sumqayıt şəhərində mədəniyyət evi qəzalı vəziyyətə düşüb
"Sumqayıt şəhərində mədəniyyət evi qəzalı vəziyyətə düşüb". Oxu.Az-ın məlumatına görə, bunu millət vəkili Elnarə Akimova parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bəzi məsələlər var ki, onların həlli istiqamətində işlər görmək şəhərlə yanaşı, mədəniyyətimizin də gələcək inkişafına böyük xidmət olardı: "Məsələ bundadır ki, şəhərdə bəzi kitabxanaların vəziyyəti acınacaqlıdır. Döşəmələri artıq yarasız hala düşüb. Eləcə də musiqi məktəblərinin təmirə ehtiyacı var. Əsas problemlərdən biri budur ki, Cəfər Cabbarlı adına Mədəniyyət Evi artıq qəzalı vəziyyətdədir. Halbuki, bu mədəniyyət evi tarixi abidə olaraq qorunmalıdır". Millət vəkili qeyd edib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində də eyni hal yaşanır: "40 mindən artıq əhalisi olan qəsəbədə bir dənə də olsun mədəniyyət ocağı yoxdur. Təsəvvür edin ki, hər dəfə Hacı Zeynalabdin qəsəbəsində tədbirlər hansısa məktəbin zalında keçirilir. Mədəniyyət evləri, kitabxanalar yalnız gənclərimizin asudə vaxtlarını səmərəli təşkili, yaxud mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün gərəkli olan məkan deyil, həmçinin, maarifçi bir nəslin yetişməsi üçün vacib amillərdən biridir. Hələ gənclərin bir çox ziyanlı vərdişlərdən yayınması üçün bunun əhəmiyyətini vurğulamağa məncə, ehtiyac yoxdur. Çox xahiş edirəm ki, bu məsələlərə diqqət yetirilsin, təmirə ehtiyacı olan məkanlar nəzarətə götürülsün. Ehtiyac olan ərazilərdə mədəniyyət evləri açılsın. Çünki mədəniyyət evlərinin, kitabxanaların mövcudluğu həm tarixi günlərimizin qeyd olunması, həm də digər ədəbi-mədəni tədbirlərin vahid məkanda təşkili baxımından mühüm rol oynayardı".






















