Parkdakı yaşıllığa görə məmurlar arasında mübahisə olub? - AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini Mirdaməd Seyidov və Bakının Xətai Rayonunda yerləşən “Nizami Gəncəvi” parkının rəhbəri İlqar Mehdiyev arasında mübahisə yarandığı deyilir. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, parka baxış keçirən M.Seyidov ağacların qurumasına, baxımsızlığa görə iradını bildirib. Qeyd olunur ki, tərəflər arasında yaranan mübahisə pik həddə çatıb və İ.Mehdiyev ağacların qurumasının səbəbini parkın maddi yardımla təmin edilməməsində görüb. Mediaxeberleri.Az xəbər verir ki, Pravda.az məsələni aydınlaşdırmaq üçün İlqar Mehdiyevlə əlaqə saxlayıb. O, baş verənləri inkar edib: “Bunu kim deyir? Hansı ağaclar quruyub? Azərbaycan Respublikasında bir nömrəli park Mərkəzi Nəbatat Bağı, iki nömrəli park isə “Nizami Gəncəvi” parkıdır. Bu, cənab başçının birbaşa gözü önündə olan parkdır. “Nizami Gəncəvi” parkında otundan tutmuş daşına, torpağına qədər bir problem yoxdur. Sağolsun, Mirdaməd Seyidov və başdakılar... Təminatla, maddi yardımla – hər şeylə bağlı köməklik göstəriblər. İkincisi, Mirdaməd Seyidovu üç gün bundan əvvəl səhər ərazini yoxlayarkən görmüşəm. Qarşılamışam, deyib-gülmüşük, yola salmışam, çıxıb gedib. Ərazilərimizdə kamerlar var, istədiyiniz vaxt müşahidə apara bilərsiniz. Həyatı boyu belə bir şey ola bilməz”.