Bakıda qəza: Yeniyetmə maşında sıxılı qaldı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zuğulba qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, 2008-ci il təvəllüdlü Əzizov Teymur Marif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.